29.06.2018

Yay düşərgəsi

20-22 iyun 2018-ci il tarixlərdə  Lerik rayonunda  "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi  təşkil edilib.

Tədbirdə Lerik rayonunun Lüləkəran,Hamarmeşə, Günəşli, Qosmalian, Rvarud, Tikəband, Çayrud, Vistən, Nuravud və digər kəndlərindən 30 məktəbli iştirak edib.

Yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, şagirdlərin məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgədə məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, ekosistem və biomüxtəlifliklə əlaqədar bilik yarışlarında iştirak ediblər.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl və Lerik rayonlarından ümumilikdə, 400-ə yaxın məktəbli iştirak edib.